Naxçıvanda tələbələrin gələcək perspektivləri və iş imkanları müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 10–17 Noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsi çərçivəsində “Müasir tələbə və gələcəyin çağırışları: imkanlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində reallaşan tədbirdə mərkəzin direktoru Elçin Balabəyli, Gənclər və İdman Nazirliyinin əməkdaşları İsgəndər İsgəndərli və Sidiqə Xudaverdiyeva, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Aqşin Kamilli çıxış ediblər.

Çıxışlarda müasir dövrdə tələbələrin qarşısında duran əsas çağırışlar, gənclərin təhsil və peşə bacarıqlarının inkişafı, əmək bazarının tələblərinə uyğunlaşma, karyera imkanları və gələcək perspektivlər barədə fikirlər səsləndirilib.

Daha sonra Gənclər və İdman Nazirliyinin fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib. Tədbir tələbələrin də iştirakı ilə diskussiya formatında davam edib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Dəyirmi masa tələbələrin aktual məsələlər ətrafında müzakirələrə qoşulmasına, fikir və təcrübə mübadiləsi aparmasına, gələcək inkişaf imkanları barədə məlumat əldə etməsinə şərait yaradıb.